Lent.az
Lent.az Azərbaycan dilində daim yenilənən xəbər portalıdır. 2008-ci il iyun ayının 25-dən internet istifadəçilərinin ixtiyarındadır.
Hazırda Azərbaycanda ana dilimizdə ən çox oxunan saytlardan biri sayılır. www.lent.az ünvanında yerləşən portal gündəlik və operativ xəbər istehsalı ilə yanaşı, oxucularına həm də reportajlar, araşdırmalar, siyasətdən şou-biznesə qədər geniş spektrdə maraqlı materiallar təqdim edir.
Saytda ölkə və dünyanın maraqlı insanları haqda portret yazılar, yaxın və uzaq tarixin ən qaranlıq məqamları ilə bağlı mühüm yeniliklər işıq üzü görür. Lent.az siyasət, sosial, kriminal, iqtisadiyyat, dünya, mədəniyyət, şou-biznes, idman kimi sahələr üzrə hər gün xəbər, müsahibə, reportaj və yazılar hazırlayır.
Maraqlı layihə və rubrikaları, kəsilməz xəbər təminatı ilə qısa müddətdə populyarlıq qazanıb.
Sayt yaradıldığı gündən indiyədək Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunması faktına müntəzəm diqqət ayırıb. Saytda dövri olaraq fəaliyyət göstərən “Əsir düşərgəsi”, “Döyüş tarixi”, “Kəşfiyyatçının xatirələri”, “Barıt qoxusu” və digər layihələr Qarabağ münaqişəsinin həm yerli, həm də beynəlxalq ictimaiyyətə çatdırılması işinə ciddi töhfə verib. “Lent.az-ın kitabxanası” silsiləsindən “Əsir düşərgəsi” layihəsi əsasında 2 kitab nəşr olunub: “Cəhənnəmdə böyük çığırtı” və “Əsir düşərgəsi”. “Kəşfiyyatçının xatirələri” layihəsi əsasında “Kod adı Rey” adlı kitab nəşr edilib. Bundan başqa, həmin silsilədən yazıçı Zakir Sadatlının “Əfqanıstan uçurumu” kitabı nəşr edilərək, oxucuya çatdırılıb.
Lent.az əməkdaşlıq etmək istəyən hər kəsin üzünə açıqdır.