XƏBƏR VƏ YENİLİKLƏR

news-img
29 iyl 2025
Türkiyənin Azərbaycandakı səfiri APA Media Qrupun qonağı olub - FOTO

Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgün APA Media Qrupun qonağı olub.

Görüşdə Azərbaycanla Türkiyə arasında media sahəsində əməkdaşlıq imkanları və birgə informasiya təşəbbüsləri müzakirə olunub.

APA Media Qrupun baş direktoru Vüsalə Mahirqızı səfir Birol Akgünə rəhbərlik etdiyi media qurumunun fəaliyyəti, strukturu və nəzdində fəaliyyət göstərən informasiya platformaları barədə ətraflı məlumat verib.

Vüsalə Mahirqızı, həmçinin, iki ölkənin media quruluşları arasında müxtəlif platformalarda əməkdaşlıq imkanları barədə fikirlərini bölüşüb, bu kontekstdə qarşılıqlı təcrübə mübadiləsinin faydalı ola biləcəyini vurğulayıb.

Öz növbəsində, səfir Birol Akgün Azərbaycan-Türkiyə münasibətlərinin bütün sahələrdə olduğu kimi, media və informasiya mübadiləsi sahəsində də strateji əhəmiyyət daşıdığını vurğulayıb.

Diplomat bildirib ki, hər iki ölkənin media qurumları arasında sıx təmaslar, təcrübə və informasiya mübadiləsi regional və beynəlxalq informasiya siyasətində ortaq maraqların qorunması baxımından xüsusi əhəmiyyətə malikdir.

Səfir qeyd edib ki, media sahəsində koordinasiyalı fəaliyyət, birgə təşəbbüslər və informasiyanın obyektiv, zamanında yayılması iki qardaş ölkə arasında strateji tərəfdaşlığın mühüm dayaqlarından biridir.

Görüşdə regionda və dünyada gedən proseslər fonunda dezinformasiya ilə mübarizə və gələcək əməkdaşlıq mexanizmləri barədə də fikir mübadiləsi aparılıb.

Ətraflı oxu
news-img
29 iyl 2025
Yaponiyanın Azərbaycandakı səfirinin müavini APA Media Qrupda olub - FOTO

Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirinin müavini, müşavir Qoto Fumio APA Media Qrupun qonağı olub.

Görüş zamanı APA Media Qrupunun baş direktoru Vüsalə Mahirqızı qonağa media qurumunun fəaliyyəti, strukturuna daxil olan xəbər saytları və beynəlxalq əməkdaşlıq istiqamətləri barədə ətraflı məlumat verib.

O, eyni zamanda, Azərbaycanın media mühitində APA-nın tutduğu mövqe və son dövrlərdə həyata keçirilən yeniliklər barədə danışıb.

Vüsalə Mahirqızı Azərbaycanda diplomatik fəaliyyətə başlaması münasibətilə Qoto Fumioya uğurlar arzulayıb və gələcək əməkdaşlıqda maraqlı olduqlarını bildirib.

Qoto Fumio isə öz növbəsində Azərbaycanda diplomatik fəaliyyətini davam etdirməkdən məmnun olduğunu qeyd edib. O, APA Media Qrupun müxtəlif sahələr üzrə yayımladığı xəbərləri mütəmadi izlədiyini və Yaponiyanın media qurumları ilə əməkdaşlığın hər iki tərəf üçün qarşılıqlı faydalı olacağına inandığını vurğulayıb.

Görüşdə APA informasiya agentliyinin baş redaktoru Fərid Mirzə və APA Media Qrupun beynəlxalq münasibətlər departamentinin rəhbəri Faiq Mahmudov da iştirak edib.

Tərəflər media sahəsində gələcək əməkdaşlıq perspektivləri və təcrübə mübadiləsi imkanları ətrafında fikir mübadiləsi aparıblar.

Ətraflı oxu
news-img
29 iyl 2025
Prezident APA Media Qrupun əməkdaşlarını təltif edib

Prezident İlham Əliyevin bu gün imzaladığı Sərəncamla təltif olunan media nümayəndələri arasında APA Media Qrupun bir qrup əməkdaşı da yer alıb.

Sərəncama əsasən, APA Media Qrupun baş redaktoru Nurşən Quliyev, APA Jurnalist Məktəbinin təlimçisi İlqar Əlfi və Lent.az-ın redaktoru Azər Hüseynbala “Əməkdar jurnalist” fəxri adına layiq görülüblər.

Eyni zamanda, APA informasiya agentliyinin baş redaktoru Fərid Mirzə, agentliyin redaktoru Məhbubə Qasımbəyli, Lent.az-ın baş redaktoru Hafiz Heydərov və redaktoru Səbinə Əvəzqızı, APA TV-nin direktoru Orxan Məmmədli “Tərəqqi” medalı ilə təltif olunublar.

Vesti.az-ın baş redaktorunun müavini Nigar Sadıqova isə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

Ətraflı oxu
news-img
29 iyl 2025
APA Jurnalist Məktəbinin məzunlarına sertifikatlar təqdim edilib – FOTO

"APA Media Group"un layihəsi olan APA Jurnalist Məktəbi layihəsinin növbəti məzunlarına sertifikatlar təqdim edilməsi mərasimi keçirilib.

Qabil Abbasoğlu: Bu təlimdən hər kəs razı qalıb

APA Jurnalist Məktəbinin rəhbəri Qabil Abbasoğlu məzunları təbrik edib.

“Qarşıdan gələn Milli Mətbuat Günü münasibətilə hər birinizi səmimi qəlbdən təbrik edirəm.Bu bayram təkcə jurnalistlər üçün deyil, həm də sözə, xəbərə, informasiyaya dəyər verən hər kəs üçün əzizdir. Bu təlimdə iştirak edən təlimçilərə, master-klassları ilə bizə dəyərli biliklərini paylaşan hər kəsə həm öz adımdan, həm də gənc jurnalistlərimiz adından dərin təşəkkürümü bildirirəm".

Rəşad Məcid: APA məktəbdir

Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid APA Jurnalist Məktəbinin təlimlərini bitirən gənclərin həyatlarını jurnalistikaya həsr edəcəklərinə inandığını bildirib.

“APA yayıbsa, xəbər doğrudur, APA yaymayıbsa, deməli, hələ təsdiqlənməyib. APA-da bu gün istedadlı və perspektivli gənc jurnalistlər çalışırlar. Mən həmişə bununla fəxr etmişəm. Bu ənənənin davam etməsi ilə bağlı Vüsalə xanımla daim söhbətlərimiz olub. Həmişə ona demişəm: “Siz çox böyük savab iş görürsünüz.” APA həqiqətən də bir məktəbdir. İnanıram ki, APA Jurnalist Məktəbini bitirib sertifikat alan gənclər öz həyatlarını jurnalistikaya həsr edəcəklər. Onların bioqrafiyasında APA Jurnalist Məktəbi xüsusi yer tutacaq".

Rəşad Məcid bildirib ki, təlimlər artıq ikinci dəfədir təşkil olunur.

"Əminəm ki, gələcək illərdə də davam edəcək. Bu, Azərbaycan peşəkar jurnalistikasının gözəl bir ənənəsinə çevriləcək. Bu gün özünü “jurnalist” adlandıranlar çoxdur. Lakin informasiya xaosu içində belə, əsl peşəkar medianın qalib gələcəyinə inanıram. Bir daha bütün tələbələri təbrik edir, onlara uğurlar arzulayıram” deyə, Mətbuat Şurasının sədri qeyd edib.

Vüsalə Mahirqızı: Sentyabrdan üçüncü təlimlər başlayacaq

"APA Media Group"un Baş direktoru Vüsalə Mahirqızı deyib ki, birinci təlimi bitirən 15 nəfərdən çox məzun artıq media sahəsində çalışır.

“Birinci təlim üçün 220, ikinci təlimlə bağlı isə 180 CV daxil oldu. İlk təlimi 22 nəfər, budəfəki təlimi isə 18 nəfər bitirir. Bu tələbələrdən ümumilikdə 10 nəfəri APA-da, 6 nəfər isə başqa media qurumlarında çalışır. Vaxtaşırı başqa həmkarlarım da kadr bankları üçün bizim məzunlarla maraqlanırlar".

Vüsalə Mahirqızı bildirib ki, sentyabr ayından üçüncü təlimlər başlayacaq.

"Biz bu dəfə medianın digər sahələrini də əhatə edən bir neçə profilli təlim və kurslar təşkil etməyi planlaşdırırıq. Bu təlimlərdə artıq beynəlxalq tərəfdaşlarımız da olacaq" deyə, Vüsalə Mahirqızı bildirib: "Bu gün məzun olan gəncləri Azərbaycan mediasında peşəkar jurnalistlər və media rəhbərləri kimi görməyi arzulayıram”.

Nurşən Quliyev: Məqsədimiz bu məktəbin davamlı fəaliyyətini təmin etməkdir

"APA Media Group"un Baş redaktoru Nurşən Quliyev APA Jurnalist Məktəbinin uğurlu nəticələrinin olduğunu bildirib:

"Bundan əvvəlki məzunlar artıq müxtəlif media sahələrində çalışırlar. Bu da göstərir ki, APA Jurnalist Məktəbinin uğurlu nəticələri var. Uğurumuzun əsas səbəblərindən biri praktik jurnalistika bacarıqlarının dərindən öyrədilməsidir. Məqsədimiz bu məktəbin davamlı fəaliyyətini təmin etməkdir. Biz fəxr edirik ki, təlimlərimizə qatılan tələbələr indi fərqli sayt və redaksiyalarda çalışaraq “APA Jurnalist Məktəbinin məzunu” adı ilə özlərini təsdiq edirlər".

Almaz Mahmud: Bu cür məktəblər nə qədər çox olsa...

Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin nəzdnindəki Teleradio Akademiyasına rektoru, APA Jurnalist Məktəbinin təlimçisi Almaz Mahmud bildirib ki, tələbələrin bu sahəyə yanaşması, marağı və məsuliyyəti onu sevindirib:

“Dezinformasiyanın qarşısını necə alaq? – bu sual bizi daim düşündürür. Biz inanırıq ki, bu problemin qarşısını almağın ən təsirli yollarından biri məhz APA Jurnalist Məktəbi kimi məktəblərdir. Bu cür məktəblər nə qədər çox olsa, biz dezinformasiyaya qarşı bir o qədər güclü mübarizə apara bilərik. Peşəkar və prinsiplərlə işləyən jurnalistlərin artması informasiya məkanını təmizləmək üçün əsas şərtdir. Arzum budur ki, ölkəmizdə jurnalistika sahəsində yaxşı mütəxəssislər yetişsin, media savadı və məsuliyyəti yüksək olan gənclər formalaşsın".

İlqar Əlfi: Jurnalistika məsuliyyətli işdir

Publisist İlqar Əlfi bildirib ki, jurnalistika məsuliyyətli işdir: "Gənclərə tövsiyəm odur ki, ilk növbədə həyatı, sonra isə insanları öyrənsinlər. Çünki jurnalistikanın incəlikləri çoxdur, amma bunlar bəzən göründüyündən daha dərindir".

"Jurnalistika çox çətin, eyni zamanda vacib peşədir. Bəzən cəmiyyətdə bu sahəyə dəyər verilmədiyini hiss edirik. Bəzən hörmətdən düşdüyünü düşünənlər olur. Bəzən də bu peşə sizi polemikaya çəkə bilər. Amma bütün bunlara baxmayaraq, bu həqiqətən də önəmli və təsirli sahədir. Siz çox vacib işlə məşğulsunuz. Əgər bu peşəni sevərək seçmisinizsə, yolunuz açıq olsun” İlqar Əlfi qeyd edib.

Ramilə Qurbanlı: Bu məktəbin genişlənməsini arzulayıram

Jurnalist Ramilə Qurbanlı qeyd edib ki, APA jurnalistlərin əksəriyyəti üçün məktəb olub.

“APA yaranan gündən jurnalistika məktəbidir. Mən hələ APA-da işləməyə başlamamışdan əvvəl, bir xəbərin doğruluğuna əmin olmaq üçün ilk növbədə APA-nın saytına baxardım. Bu gün də bu ənənəm dəyişməyib. Çox istərdim ki, bu məktəb böyüsün, genişlənsin. Çünki bu məktəbin yetişdirdiyi gənclər gələcəyin mediasına yayılacaq, onun simasını formalaşdıracaq. Bir daha hər birinizi təbrik edirəm! Arzu edirəm ki, bu məktəbi davam etdirəsiniz, onun dəyərlərini yaşadasınız. Və nə vaxtsa hansısa media orqanında çalışanda, o redaksiyalara siz təsir edəsiniz, onlar sizə yox!”.

Bahəddin Həzi: Karyeranız hələ qarşıdadır

Yazıçı-publisist Bahəddin Həzi məktəbin məzunlarını təbrik edib: "Həsən bəy Zərdabinin əkdiyini biz bu gün biçirik. Bu gün bu qrupda keçirilən təlim bizi bir-birimizdən ayırır – amma məqsəd bizi birləşdirməkdir. Sizi mediada hələ çox görəcəyik. Bir yerdə işləyəcəyik, yollarımız yenə kəsişəcək. Biz də bacardığımız qədər sizə öyrətməyə çalışırıq – bildiyimizi paylaşırıq. Mən öz kitabımı sizə hədiyyə edəcəyəm. Bu həm simvolik təşəkkür, həm də yol yoldaşı kimi dəyərləndirilə bilər".

Bahəddin Həzi qeyd edib ki, gənclərin karyerası hələ qarşıdadır: " Mən bu məktəbdə təlim keçməkdən, gənclərlə təcrübəmi bölüşməkdən çox məmnunam".

Afaq Vasifqızı: APA-da təlim almaq bir möhür qazanmaq deməkdir

Tanınmış jurnalist Afaq Vasifqızı qeyd edib ki, APA Jurnalist Məktəbinin məzunları bu brendin təmsilçiləridir: “Jurnalistika təbabət deyil ki, burada resept verilsin. Bu sahədə uğur qazanmaq üçün yalnız qaydaları öyrənmək kifayət deyil. Biz bu təlimlərdə sizə sadəcə yazı yazmağı öyrətmədik. Çünki insanın ya yazı yazmaq bacarığı var, ya da yoxdur. Biz bu məktəbdə həyat haqqında danışdıq Şəxsi təcrübələrimizi bölüşdük. Mən 35 illik peşəkar yolumu sözlə sizə çatdırmağa çalışdım".

Afaq Vasifqızı qeyd edib ki, APA yarandığı gündən jurnalistləri ətrafına toplamağı bacaran media qurumu olub: " APA-nın uğuru odur ki, o, həmişə ən yaxşıları bir araya gətirməyi bacarıb. Buna görə də istehsal etdiyi məhsul yüksək keyfiyyətlidir. APA-da təlim almaq bir möhür qazanmaq deməkdir. Bu həm də bir brendin daşıyıcısı olmaqdır. APA Jurnalist Məktəbinin məzunları bu brendin təmsilçiləridir. Bu böyük bir şərəfdir. Əmin olun ki, həyatınızın gələcək mərhələlərində APA-nın möhürü olan bu sertifikat sizə yol yoldaşı olacaq, qapılar açacaq. Hər birinizə uğurlar arzulayıram”.

Şamil Paşayev: APA-da olmaq böyük uğurdur

Tanınmış hüquqşünas, məktəbin təlimçisi Şamil Paşayev vurğulayıb ki, bu məktəbdə iştirakçılarla onlara lazım olan biliklər bölüşülüb: “APA Jurnalist Məktəbində biz etik kodeks barədə söhbət etdik. Təlimdə kifayət qədər hazırlıqlı gənclər iştirak edirdi. Nəsə öyrənmək, sual vermək istəyən çox idi. APA Jurnalist Məktəbinin tələbəsi olmaq və sertifikatla təmin olunmaq kifayət qədər ciddi uğurdur".

Sonra məzunlara sertifikatlar təqdim edilib.

Qeyd edək ki, təlimlər üç ay davam edib.

Ətraflı oxu
news-img
06 may 2025
APA Jurnalist Məktəbi növbəti təlim kursuna start verib

“APA Media Group”un layihəsi olan APA Jurnalist Məktəbi növbəti təlim kursuna start verib.

APA xəbər verir ki, məktəbin təlimçiləri Əməkdar jurnalist Qabil Abbasoğlu və Azərbaycan Televiziyası (AzTV) Akademiyasının prorektoru, Media və İnformasiya Savadlılığı mərkəzinin rəhbəri, Ph.D Almaz Mahmuddur.

Jurnalistikanı öyrənmək istəyənlər üçün imkan

“APA Media Group”un Baş redaktoru Nurşən Quliyev qeyd edib ki, məktəbi təşkil etməkdə əsas məqsəd jurnalistikanın sirlərini öyrənmək istəyənlərə imkan yaratmaqdır:

“Əvvəlki təlim kursunda özünü təsdiqləmiş tələbələrin bir neçəsi hazırda “APA Media Group”la əməkdaşlıq edir. Biz tələbələrə təlim keçmək, bacarıqlarını formalaşdırmaqla yanaşı, iş imkanı da yaradırıq. Əsas vəzifə sizin üzərinizə düşür. Nə qədər nizam-intizamlı olsanız, təlimlərdə davamlı iştirak etsəniz, daha çox şey öyrənəcəksiniz. Təlimin nəzəri və praktik tərəfləri var. Öyrənmək, bilik və bacarıqlarınızı inkişaf etdirmək üçün hər cür şərait yaradılıb. Yekunda kursu bitirənlərə sertifikat təqdim olunacaq. Bu sertifikat sizin bioqrafiyanızda mühüm rol oynayacaq. Bizim təlimləri bitirib başqa media qurumlarda çalışanlar da var. Təlimlərə ciddi yanaşmağınız lazımdır. Bu, inkişafınız və karyera qura bilməyiniz üçün vacibdir. Onu da qeyd edim ki, media sahəsində tanınmış mütəxəssislər də təlimə cəlb olunacaqlar, bilik və bacarıqlarını sizinlə bölüşəcəklər”.

Praktiki tədris və iş imkanları

Qabil Abbasoğlu isə qeyd edib ki, APA Jurnalist Məktəbinin ötən təlim kursunu bitirənlərin 45 faizi müxtəlif media qurumlarında işlə təmin olunub: “Məktəbi yaratmaqda məqsədimiz sizi real jurnalistikanın özü ilə tanış etməkdir. Birinci dərsimiz nəzəridir, yəni jurnalistikaya girişdir, tanışlıq məqsədi daşıyır. Diqqətinizə çatdırım ki, burada əsl redaksiya mühiti yaranacaq, real proseslər əsasında xəbərlər, reportajlar hazırlayacaqsınız”.

Qabil Abbasoğlu bildirib ki, budəfəki kursa 186 nəfər müraciət edib: “Onların içindən siz seçilmisiniz. Təlim prosesində davamiyyətə əməl edib məsuliyyətli olmaq lazımdır. Jurnalist olmaq istəyirsinizsə, bizi çox çətin, ciddi, eləcə də maraqlı dövr gözləyir. Jurnalistika sahəsində önəmli addım atacaqsınız. Bu şəraiti yaratdığı üçün “APA Media Group”a təşəkkür edirik”.

Qısamüddətli məktəblər universitetlərlə müqayisə olunur

Almaz Mahmud APA Jurnalist Məktəbinin yaranmasının çox gözəl təşəbbüs olduğunu bildirib: “Çox sevinirəm ki, APA Jurnalist Məktəbi yaranıb. Əvvəl deyirdilər, dörd illik bakalavr jurnalistikanı öyrənməyə bəs edir. Ancaq indi deyirlər, üç-dörd aylıq məktəb olsa, bəsdir. Artıq belə məktəblər universitetlərlə müqayisə olunur. Onlardan biri də APA Jurnalist Məktəbidir”.

APA Jurnalist Məktəbi

Qeyd edək ki, APA Jurnalist Məktəbi ötən ilin noyabrında fəaliyyətə başlayıb. 3 ay davam edən təlim kursuna 26 nəfər seçilib, 21 nəfər məktəbin məzunu olub.

Xatırladaq ki, təlimlər həftədə 3 dəfə müəyyən olunmuş proqram üzrə aparılacaq. APA Jurnalist Məktəbində daimi təlimçilərlə yanaşı, hər həftə tanınmış jurnalistlər, blogerlər, yeni media mütəxəssisləri təlim iştirakçıları ilə öz təcrübələrini bölüşəcəklər.

Ətraflı oxu
news-img
24 fev 2025
APA Jurnalist Məktəbinin ilk məzunlarına sertifikatlar təqdim olunub

"APA Media Group"un layihəsi olan APA Jurnalist Məktəbi layihəsinin ilk məzunlarına sertifikatlar təqdim edilib.

Vüsalə Mahirqızı: APA Jurnalist Məktəbi davam edəcək

Bununla bağlı təşkil olunmuş tədbirdə çıxış edən "APA Media Group"un Baş direktoru Vüsalə Mahirqızı deyib ki, bu gün 20 məzuna sertifikatlar təqdim olunacaq.

"Bu üç aylıq müddətdə bizim məqsədimiz peşəkar, operativ, yeni media standartları ilə işləməyi bacaran jurnalist hazırlamaq üçün ilk addımı atmaq idi. Əlbəttə, jurnalist illərlə topladığı təcrübə, xəbər bazası ilə peşəkarlaşır. Lakin ilk addımların doğru yerdə atılması, doğru təcrübə imkanları jurnalist, xüsusilə xəbər jurnalisti üçün çox vacibdir. Bu, əksər halda jurnalistin sonrakı inkişafını müəyyən edən addım olur", - Vüsalə Mahirqızı qeyd edib.

Baş direktor bildirib ki, layihədə iştirak edən 20 iştirakçıdan 5-i artıq "APA Media Group"un strukturlarında, iki nəfər isə başqa media orqanlarında işə başlayıb: "Bu bizi çox sevindirir. Əminəm ki, bu layihənin məzunlarını tezliklə müxtəlif televiziya, radio kanallarında, agentlik və saytlarda görəcəyik".

Vüsalə Mahirqızı APA Jurnalist Məktəbinin rəhbəri Qabil Abbasoğluna təşəkkürünü bildirib: "Qabil Abbasoğlu təcrübəli jurnalist kimi bu işin təşkilində çox böyük əziyyət çəkdi. Eyni zamanda təcrübəli telejurnalist İlqar Əlfi televiziya işinin təşkili və telejurnalistika ilə bağlı təcrübələrini bölüşdü. Təlimlərdə dəyərli jurnalistlər, yazıçılar təlim iştirakçıları ilə görüşüb, öz təcrübələrini bölüşdülər. “APA Media Group” olaraq biz onların hamısına minnətdarıq".

Baş direktor aprel ayında APA Jurnalist Məktəbinin növbəti təlimlərə başlayacağını da elan edib: "Biz davam edəcəyik. Növbəti məzunlar olacaq. Ümid edirəm ki, bu məktəb yüzlərlə məzunu ilə tanınacaq".

Qabil Abbasoğlu: APA və mən həmişə sizə dəstək olmağa hazırıq

APA Jurnalist Məktəbinin rəhbəri Qabil Abbasoğlu məzunları təbrik edib: "Bu üç aylıq müddətdə davam etdiniz, deməli, bu layihə həm də sizin üçün maraqlı idi. APA və mən həmişə sizə dəstək olmağa hazırıq".

Qabil Abbasoğlu jurnalistikanın çətin peşə olduğunu bir daha xatırladıb: “Bu layihə mənim üçün ilk müəllim təcrübəsi idi. Burda sizinlə birlikdə öyrəndik, müzakirə etdik, layihələr üzərində işlədik. Maraqlı təlimlərimiz, qonaqlarımız oldu. Bilirəm ki, bu təcrübə fəaliyyətinizdə sizə həmişə lazım olacaq. Həmişə öyrənməyə çalışın, bu, jurnalist üçün çox vacibdir".

Məzunlara tövsiyə: Daim öyrənin, araşdırın, mütaliə edin

APA Jurnalist Məktəbinin təlimçisi, telejurnalist Ilqar Əlfi də çıxışında məzunları təbrik edib: "Burda iştirak edən hər bir gənc bizim övladımızdır və mən də həmişə sizə dəstək olmağa hazıram. Jurnalist üçün vacib mühüm bir xüsusiyyəti daşımağı tövsiyə edirəm. Bu parlaq peşədə nəfsinə hakim ola bilmək çox vacibdir. Onu bacaranlar həmişə var olur".

Bahəddin Həziyev: Bu cür məktəbi yaratmaq APA-nın haqqıdır

"Bizim yol" qəzetinin Baş redaktoru, təlimlərdə iştirakçılara ustad dərsi keçmiş Bahəddin Həziyev belə bir məktəbin yaradılmasından məmnun olduğunu deyib: "APA öz dəsti-xətti ilə onsuz da məktəbdir. APA-da onlarla imza yetişib, bu cür məktəbi yaratmaq APA-nın haqqıdır".

Bahəddin Həziyev bildirib ki, bu gün təhsilin əsas hədəfi öyrənməyi öyrətmək olmalıdır: "Əgər öyrənəcəyin mənbəni bilirsənsə, öyrənmək həmişə mümkündü və əlçatandı. Burda Sizə öyrənməyin, araşdırmağın yolları barədə danışıldı".

Bahəddin Həziyev məzunlara uğurlar arzulayıb, gələcək təlimlərdə də iştirak edəcəyini bildirib.

Şərif Ağayar: Öyrənməyə burdan başladığınıza görə peşman olmayacaqsınız

Jurnalist məktəbində ustad dərsi keçmiş, redaktənin sirlərini öyrətmiş yazıçı Şərif Ağayar da məzunları təbrik edib: "Mən əminəm ki, siz gələcəkdə yolunuzun APA-dan düşdüyünə, öyrənməyə məhz burdan başladığınıza görə peşman olmayacaqsınız" deyən Şərif Ağayar bildirib ki, burda xəbər mühiti, peşəkar və sistemli xəbər işi var”.

"Bu sistemli iş də uğurlu nəticə yaradır" deyən yazıçı məktəbin məzunlarına uğur arzu edib.

Könül Cəfərli: Hər bir gənc jurnalistə yolunun APA-dan keçməsini arzu edirəm

Məzunlara telejurnalistika mövzusunda təlim keçmiş jurnalist Könül Cəfərli bu məktəbdə olmaqdan məmnunluğunu ifadə edib: “Hər bir gənc jurnalistə yolunun APA-dan keçməsini arzu edirəm. Bunu sizə, sadəcə, bir təlimçi kimi yox, həm də bu məktəbdən keçmiş biri kimi deyirəm.

APA-da jurnalistin inkişafı üçün olan şərait, özünü ifadə etməyinə tanınan imkanı çox az yerdə tapmaq olur" .

Rövşanə Ağasəfqızı: Burda iştirak edən gəncləri çox parlaq gördüm

Telejurnalist Rövşanə Ağasəfqızı da çıxışında gəncləri təbrik edib: "Mənim üçün yenidən gənclərlə bir arada işləmək çox xoş oldu. Burda iştirak edən gəncləri çox parlaq gördüm. Hər birinizə karyeranızda uğurlar arzulayıram".

Rövşanə Ağasəfqızı məzunlara çox oxumağı, mütaliə etməyi, daim axtarışda olmağı, araşdırmağı tövsiyə edib.

"Xəbərin bir imzası olsaydı, o imza "APA" olardı"

Məzunlar adından çıxış edən İlkin Naib artıq APA İnformasiya Agentliyində əməkdaş olaraq işə başladığını deyib.

O, belə bir fürsət üçün "APA Media Group"a təşəkkürünü bildirib.

"Xəbərin bir imzası olsaydı, o imza "APA" olardı" deyən İlkin Naib istər təlimlərdə, istərsə də iş mühitindəki müşahidəsini bölüşüb: "Burda hamı öyrətməyə çalışır. Kimdənsə öyrənmək istəyəndə həvəslə dəstək görürsən. Bu mühit adama jurnalistikanı sevdirir".

Nurşən Quliyev: Bilin ki, APA adlı bir eviniz var

"APA Media Group"un baş redaktoru Nurşən Quliyev çıxışında məktəbin yaradılmasının məqsədlərindən danışıb, məzunları təbrik edib: "Bu məktəbin yaradılmasının müəyyən riskləri vardı. Çox yaxşı haldır ki, burada ilk gündən qatılan dinləyicilərin əksəriyyəti sona qədər davam etdi".

Nurşən Quliyev qeyd edib ki, indiyə qədər APA-dan çox jurnalistin yolu keçib: "Biz arzu edirik ki, bu məktəbin dinləyiciləri gələcəkdə elə yerlərə çatsınlar ki, onlarla fəxr edək. Bu günə qədər APA-dan böyük jurnalist ordusu keçib. Onların arasında indi dövlət işlərində çalışanlar, başqa saytlarda baş redaktor olanlar var. Biz onların hamısı ilə fəxr edirik. Arzu edirik ki, siz də bu ordunun xatırlananlarından olasınız".

Nurşən Quliyev deyib ki, APA dinləyicilərinə gələcək karyeralarında həmişə dəstək verməyə hazırdır: "Harda olursunuz olun, həmişə bilin ki, APA adlı bir eviniz var. Biz sizə daim dəstək olmağa hazırıq".

Sonra məzunlara sertifikatlar təqdim edilib.

Qeyd edək ki, təlimlər üç ay davam edib.

"APA Media Group"un Baş direktoru Vüsalə Mahirqızı, "APA Media Group"un Baş redaktoru Nurşən Quliyev, APA İnformasiya Agentliyinin Baş redaktoru Fərid Mirzəyev, APA İnformasiya Agentliyinin redaktoru Ramiz Mikayıloğlu, APA İnformasiya Agentliyinin redaktoru Mirmehdi Ağaoğlu, APA İnformasiya Agentliyinin redaktoru Nigar Abbasova, APA TV-nin direktoru Orxan Məmmədli, "Norma Hüquq şirkəti"nin direktoru, hüquqşünas Şamil Paşayev, "Lent.az" portalının Baş redaktoru Hafiz Heydərov, “Lent.az” portalının redaktoru Azər Hüseynbala, “Vesti.az” portalının Baş redaktoru Nicat Hacıyev, telejurnalistlər Könül Cəfərli, Rövşanə Ağasəfqızı, Almaz Mahmud, Kamran Qasımov, jurnalist Bahəddin Həzi, yazıçı Şərif Ağayar, APA İnformasiya Agentliyinin multi-media redaktoru Vüqar Abışov, marketinq mütəxəssisləri Tural Rüstəmli və Müzəffər Qaraxanlı təlim iştirakçıları ilə öz təcrübələrini bölüşüb, onlara ustad dərsləri veriblər.

Ətraflı oxu