APA Group fəaliyyətini peşəkar jurnalistika prinsipləri, yüksək etik standartlar və ictimai məsuliyyət əsasında həyata keçirir. Qrupa daxil olan bütün media platformalarının və əməkdaşlarının fəaliyyəti aşağıdakı fundamental prinsiplərə əsaslanır:
1. Söz və ifadə azadlığı
APA Group söz və ifadə azadlığını, həmçinin ictimaiyyətin düzgün, dəqiq və etibarlı informasiya almaq hüququnu fundamental dəyər kimi qəbul edir.
2. Dəqiqlik və həqiqətə sadiqlik
Bütün məlumatlar faktlara əsaslanmalı, etibarlı mənbələr vasitəsilə yoxlanılmalı və qəsdən təhrif edilmədən təqdim olunmalıdır.
3. Məsuliyyət və şəffaf düzəliş
Dərc edilmiş materiallarda səhv və ya qeyri-dəqiqlik aşkar edildiyi halda, APA Group onları operativ, şəffaf və məsuliyyətli şəkildə düzəldir.
4. Mənbələrin məxfiliyi
İnformasiya mənbələrinin məxfiliyi jurnalistikanın əsas prinsiplərindən biridir. Məxfi qalmaq istəyən mənbələrin kimliyi peşə etikası və qüvvədə olan qanunvericilik çərçivəsində qorunur.
5. Bərabərlik və ayrı-seçkiliyin yolverilməzliyi
APA Group irq, milliyyət, etnik mənsubiyyət, cins, din, dil, siyasi baxış, sosial mənşə, fiziki imkanlar və digər əlamətlərə görə ayrı-seçkiliyi qəbul etmir və inklüziv media mühitini dəstəkləyir.
6. Peşə etikası
Plagiat, böhtan, dezinformasiya, şəxsi həyata qanunsuz müdaxilə, məlumatın dərci və ya dərc edilməməsi müqabilində maddi və ya digər üstünlüklərin qəbul edilməsi, eləcə də peşə etikasına zidd hər hansı davranış yolverilməz hesab olunur.
7. Məsuliyyətli informasiya siyasəti
Yoxlanılmamış, manipulyativ, qərəzli və ya ictimai maraqlara zidd məlumatların yayılmasına yol verilmir. Redaksiya qərarları yalnız jurnalistika prinsipləri və ictimai maraqlar əsasında qəbul edilir.
8. Maraqlar toqquşmasının qarşısının alınması
APA Group əməkdaşları peşə fəaliyyətinə təsir göstərə biləcək şəxsi, maliyyə və ya digər maraqlardan yayınmalı, redaksiya qərarlarının müstəqilliyini, obyektivliyini və etibarlılığını qorumalıdırlar.
9. Korporativ məsuliyyət
APA Group-un rəsmi mövqeyini yalnız səlahiyyət verilmiş şəxslər ifadə edə bilər. Şirkət adından edilən bütün açıqlamalar korporativ idarəetmə prinsiplərinə və daxili prosedurlara uyğun həyata keçirilir.
10. Peşəkar davranış və korporativ mədəniyyət
APA Group əməkdaşları qarşılıqlı hörmət, əməkdaşlıq, dürüstlük, peşəkarlıq və etik davranış prinsiplərinə riayət edir, sağlam və məhsuldar iş mühitinin formalaşdırılmasına töhfə verirlər.
11. Süni intellekt və məlumatlardan məsuliyyətli istifadə
APA Group süni intellekt texnologiyalarından və məlumat resurslarından etik, şəffaf və məsuliyyətli şəkildə istifadə edir. AI alətlərinin tətbiqi redaksiya nəzarəti və insan məsuliyyəti prinsipi əsasında həyata keçirilir. Məlumatların toplanması, emalı, istifadəsi və lisenziyalaşdırılması müəllif hüquqları, məxfilik və beynəlxalq etik standartlara uyğun şəkildə həyata keçirilir.