Vüsalə Mahirqızı

Vüsalə Mahirqızı

APA Group-un Baş Direktoru

Vüsalə Mahirqızı Azərbaycanın aparıcı media rəhbərlərindən, media sahibkarlarından və jurnalistlərindən biridir. O, ölkədə ilk media holdinqini yaradan ilk qadın jurnalist, rəqəmsal xəbər mediasının inkişafının öncül simalarından biri və müasir Azərbaycan media ekosisteminin formalaşmasına mühüm töhfə vermiş media simasıdır.

1996-cı ildə jurnalistika fəaliyyətinə başlayan Vüsalə Mahirqızı qısa müddət ərzində reportyorluqdan baş redaktorluğa qədər yüksələrək Azərbaycanın aparıcı mətbu orqanlarında rəhbər vəzifələrdə çalışmışdır. 2001-ci ildə 22 yaşında Azərbaycanın ən gənc qadın baş redaktoru olmuş, eyni zamanda ölkədə ilk dəfə fəaliyyətinə gündəlik qəzet kimi başlayan "Xalq Cəbhəsi" qəzetinin qurucu baş redaktoru kimi fəaliyyət göstərmişdir. 

2004-cü ildə təsis etdiyi APA İnformasiya Agentliyi ilə Vüsalə Mahirqızı Azərbaycanda internet jurnalistikasının və rəqəmsal xəbər istehsalının inkişafında yeni mərhələ yaratmışdır. APA ölkənin ilk rəqəmsal xəbər agentliyi olmaqla yanaşı, Azərbaycan dilini əsas xəbər dili kimi tətbiq edən ilk böyük milli xəbər agentliyi olmuş, xəbər istehsalı və yayımı modelini köklü şəkildə dəyişdirmişdir. Onun rəhbərliyi altında APA ölkənin ən çox istinad olunan müstəqil xəbər mənbələrindən birinə çevrilmiş, Azərbaycan mediasının informasiya təminatında aparıcı rol oynamışdır.

Sonrakı illərdə Vüsalə Mahirqızının rəhbərliyi ilə APASport, Lent.az, Vesti.az, Kulis.az, APA TV və digər media platformaları yaradılmış, bu layihələr Azərbaycanda idman jurnalistikası, onlayn media, televiziya, ədəbiyyat və mədəniyyət jurnalistikası sahələrinin inkişafına mühüm töhfə vermişdir. Bu gün həmin brendlər ölkənin ən tanınmış və nüfuzlu media platformaları sırasında yer alır.

Vüsalə Mahirqızı təkcə media qurumları yaratmaqla kifayətlənməyib, həm də peşəkar jurnalist kadrlarının hazırlanmasına xüsusi önəm verib. Onun təsis etdiyi APA Jurnalistika Məktəbi gənc jurnalistlərin praktiki hazırlığına xidmət edir. Bu gün Azərbaycanın aparıcı media qurumlarında, televiziya kanallarında, dövlət və özəl sektorun mətbuat xidmətlərində çalışan çoxsaylı baş redaktorlar, kommunikasiya rəhbərləri, mətbuat katibləri və tanınmış jurnalistlər peşəkar fəaliyyətlərinə məhz APA-da başlayıblar. APA Media Group uzun illərdir Azərbaycanda xəbər və onlayn televiziya jurnalistikası üçün ən güclü peşəkar kadr hazırlayan media məktəblərindən biri hesab olunur.

Azərbaycan mediasının institusional inkişafında da Vüsalə Mahirqızının xüsusi xidmətləri vardır. O, Azərbaycan Jurnalistlərinin I Qurultayının Təşkilat Komitəsinin yeganə qadın və ən gənc üzvü olmuş, daha sonra Azərbaycan Mətbuat Şurasının III Qurultayında İdarə Heyətinə seçilən ilk və yeganə qadın kimi tarixə düşmüşdür. Hazırda Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü və Dil Məsələləri Komissiyasının sədridir.

Media rəhbəri olmaqla yanaşı, Vüsalə Mahirqızı onlarla sənədli filmin, televiziya layihəsinin və kitabın ideya müəllifi və prodüseridir. Tarix, Qarabağ müharibəsi, mədəni irs, sosial məsuliyyət, ekologiya və ictimai maarifləndirmə mövzularını əhatə edən layihələri Azərbaycan mediasında sənədli jurnalistikanın inkişafına mühüm töhfə vermişdir. O, həmçinin Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində istifadə olunan ali məktəb dərsliyinin rəsmi elmi rəyçisi olmuşdur.

Beynəlxalq media əməkdaşlığının fəal iştirakçısı olan Vüsalə Mahirqızı Türk Dövlətləri və Topluluqları Media Platformasının Koordinasiya Şurasının üzvü, Beynəlxalq Mətbuat İnstitutunun (IPI) Azərbaycan Milli Komitəsinin üzvü və International Eurasia Press Fund-un (IEPF) üzvüdür. O, IEPF-in rəsmi nümayəndəsi qismində Birləşmiş Millətlər Təşkilatının Nyu-Yorkdakı Baş Qərargahında təşkil olunan tədbirlərdə iştirak etmək üçün BMT-nin Department of Global Communications (DGC) xətti ilə akkreditasiya olunmuşdur. Bundan əlavə, ATƏT, Avropa Şurası, BMT və digər nüfuzlu beynəlxalq təşkilatların media forumlarında iştirak etmiş, ABŞ-ın Stratfor analitik təşkilatı ilə əməkdaşlıq etmiş, Anadolu Agentliyi, Hürriyet Daily News və digər beynəlxalq media qurumlarında məqalələri dərc olunmuşdur. APA Media Group onun rəhbərliyi ilə BMT-nin Dünya Şəhərsalma Forumunun (World Urban Forum) rəsmi media tərəfdaşı seçilmişdir.

Vüsalə Mahirqızının fəaliyyəti jurnalistika, media idarəçiliyi və söz azadlığının inkişafına verdiyi töhfələrə görə dövlət və peşəkar mükafatlarla yüksək qiymətləndirilmişdir. O, Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Əməkdar jurnalist" fəxri adına, "Tərəqqi" medalına və "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi" medalına, COP 29 tədbirinin işlandırılmasına görə sertifikata layiq görülmüş, Azərbaycan Mətbuat Şurasının Ali Media Mükafatı və digər nüfuzlu təltiflərlə mükafatlandırılmışdır. 2025-ci ildə Azərbaycan jurnalistikasının inkişafına verdiyi uzunmüddətli töhfələrə görə "Azərbaycan Milli Mətbuatının 150 illiyi" yubiley medalı ilə təltif olunmuşdur.

Bu gün Vüsalə Mahirqızı APA Media Group-un təsisçisi və Baş İcraçı Direktoru kimi qrupun strateji inkişafına rəhbərlik edir. Onun rəhbərliyi ilə APA Media Group klassik xəbər agentliyi modelindən kənara çıxaraq media, televiziya, rəqəmsal platformalar, data analitikası, süni intellekt texnologiyaları və kontent lisenziyalaşdırılmasını birləşdirən müasir media və informasiya şirkətinə çevrilmişdir. Şirkət bu gün Azərbaycanda media, kontent və informasiya həlləri sahəsində aparıcı qruplardan biri kimi fəaliyyət göstərir.