Nicat Hacıyev media rəhbəri, jurnalist və geosiyasi analitikdir. O, beynəlxalq münasibətlər, regional təhlükəsizlik və geosiyasi proseslər üzrə ixtisaslaşmış media mütəxəssisi kimi tanınır. Analitik yazıları, ekspert şərhləri və televiziya çıxışları ilə Azərbaycanın aparıcı geosiyasi ekspertlərindən biri hesab olunur.
Nicat Hacıyev APA Media Group-un rusdilli xəbər platforması olan Vesti.az-a rəhbərlik edir. Onun rəhbərliyi ilə Vesti.az operativ xəbərlərlə yanaşı, analitik məzmunu ilə seçilən və Azərbaycanla yanaşı regionda da istinad olunan rusdilli media resurslarından biri kimi fəaliyyətini davam etdirir. O, saytın redaksiya strategiyasına, gündəlik xəbər siyasətinə və analitik məzmununun inkişafına rəhbərlik edir.
Peşəkar fəaliyyəti boyunca Nicat Hacıyev beynəlxalq münasibətlər, xarici siyasət, regional münaqişələr və Cənubi Qafqazda baş verən geosiyasi proseslərə dair çoxsaylı analitik məqalələrin müəllifi olub. Onun yazıları mütəmadi olaraq Vesti.az-da, eləcə də digər yerli və regional media qurumlarında dərc edilir. O, eyni zamanda televiziya proqramlarının daimi ekspertlərindən biri kimi regional və qlobal siyasi proseslər, təhlükəsizlik məsələləri və beynəlxalq münasibətlər üzrə müntəzəm analitik çıxışlar edir.
2024-cü ildə Birləşmiş Millətlər Təşkilatının COP29 İqlim Dəyişikliyi Konfransının media işıqlandırılmasında iştirak edib. Tədbirin uğurlu media işıqlandırılmasına verdiyi töhfələrə görə Sertifikatla təltif olunub.
2025-ci ildə Azərbaycan jurnalistikasının inkişafına verdiyi töhfələrə görə "Azərbaycan Milli Mətbuatının 150 illiyi" yubiley medalı ilə təltif edilib.
Nicat Hacıyev beynəlxalq media əməkdaşlığının fəal iştirakçısıdır. O, Şuşa Qlobal Media Forumunun iştirakçısı olub, həmçinin bir sıra beynəlxalq media proqramlarında, peşəkar səfərlərdə və konfranslarda Azərbaycan mediasını təmsil edib.
Nicat Hacıyev
Vesti.az-ın Baş Redaktoru